“Seçicilərlə 6 ayın hesabatı ilə bağlı görüşlər keçirmişik. Növbəti belə görüş ilin sonunda baş tutacaq”. Bu fikirləri belediyye.info saytına açıqlamasında Cəlilabad rayon Alar bələdiyyəsinin sədri Bağış Mustafayev deyib. Onun sözlərinə görə, hesabat iclasında bələdiyyələrin son 6 ay ərzində nə kimi işlər görməsi barədə məlumat verilir: “Eyni zamanda bələdiyyə vətəndaşlara bundan sonra hansı işlərin görüləcəyi barədə informasiya verir. Eyni zamanda hesabat iclasında seçicilərin təklifləri dinlənilir və o növbəti hesabatlılıq dövrünə əlavə edilir”.
B.Mustafyev deyib ki, bu ilin yanvarında keçirilən seçkilərdən sonra yeni fəaliyyətə başlayan bələdiyyələr özünə bir ili əhatə edən iş planı tutur: “Misal üçün, hansı abadlıq işləri görüləcək, yollar təmir olunacaq. Onu qeyd edim ki, abadlıq işləri ilə yolların təmiri işləri ayrı-ayrı nəzərdə tutulur. Abadlıq işlərinə təmirdən tutmuş ağacların əkilməsinə qədər olan məsələlər nəzərdə tutulur. Eyni zamanda ərizə və şikayətlərin qəbulu və onun həll olunması ayrıca götürülür. Bir məqamı vurğulayım ki, bizim işin əsas mahiyyəti fəaliyyətə başlamağımızın ilk 6 ayından başlayır. Çünki bələdiyyələrə seçilmiş üzvlərin öz fəaliyyətinə tam adaptasiya olunması, işə tam alışması, eləcə də vergilərin toplanmasına dair işlərin mənimsənilməsi bu dövrü əhatə edir. Xatırladım ki, əmlak və torpaq vergisi də artıq əvvəlki kimi nağd şəkildə həyata keçirilmir. Qaydalara edilən əlavə və dəyişkliklərdən sonra bu proses poçt və bank vasitəsilə baş tutur. Bunun üçün də burada əsas məqsəd təbliğata üstünlük verməkdir. Eyni zamanda vergi orqanı yaradılıb və onlar əhali ilə işləyir və müvafiq bildirişləri paylayırlar”.
Bəxtiyar Məmmədli